Tarix: 17-03-2020 15:21                                                                                                 Oxundu:38

İnam Kərimovla Mikayıl Cabbarovun Novruz “islahatı” - FOTO

Azərbaycanda bayramqabağı Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi sanki “qış yuxusuna” gedib. Hər iki nazirlik bahalaşmaya qarşı çırmanmalıydı.

Bazarlarda, yarmarkalarda, marketlərdə qiymətlər “od tutub, yanır”, yarmarkalarla supermarketlər arasında heç bir fərq qalmayıb, adi pomidor əlçatmaz olub, kilosu 5,30 manata satılır və ölkəboyu müşahidə edilən Novruz bahalaşması qarşısında hər iki nazirlik susqunluq nümayiş etdirirlər.

Reportyor.info məlumat verir ki, bir neçə gün əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov efir vasitəsi ilə əhalini narahat olmamağa çağırdı və ərzaq qıtlığı olmayacağına təminat verdi.

Amma qıtlıq olmadığı halda bazarlarda, marketlərdə qiymətlər “ceyran belinə” qalxıb. İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar Xidməti sanki qiymət artımının qarşısının alınması üçün yaradılmayıb.

Mikayıl Cabbarovun iqtisadiyyat naziri təyin olunması da bu qurumları hərəkətləndirməyib. Ölkədəki bahalaşmanı tormozlamaq üçün heç bir qabaqlayıcı tədbirlər həyata keçirilmir.

İnam Kərimovla Mikayıl Cabbarovun Novruz “islahatı” - FOTO


İnam Kərimovun da kənd təsərrüfatı naziri təyinatı bu sahədə irəliləyişə gətirib çıxarmayıb. Halbuki, bolluq olacağı, məhsuldarlığın artması nəticəsində qiymətlərin ucuzlaşacağı gözlənilirdi.

Lakin faktiki olaraq, İsmət Abbasovla Heydər Əsədovun dövründən fərqli bir aqrar siyasət nəzərə çarpmır. Baxmayaraq ki, gənc kadrların yüksək vəzifələrə gətirilməsinə böyük etimad var idi.

Amma Mikayıl Cabbarovla İnam Kərimovun gənc nazirlər olaraq fəaliyyətləri hələ ki qida bazarında qiymətlərin aşağı düşməsinə xidmət etməyib. Əksinə, bahalaşma gedir.

Hazırda göyərtinin bir ədədi 30 qəpikdirsə, pomidorun kilosu 5 manatdan yuxarıdırsa, deməli, həm KTN müqəvva bir quruma çevrilib, həm də İN yanında Antiinhisar Xidməti “tükünü tərpətmir”.

İnam Kərimovla Mikayıl Cabbarovun Novruz “islahatı” - FOTO


Reportyor.info-nun əməkdaşları da marketlərdə və yarmarkalarda apardıqlar araşdırma zamanı şahid olublar ki, qiymətlər qalxıb.

İş orasıdır ki, yarmarkalara məhsulların kəndlərdən gətirildiyi bildirilirdi və mağazalardan ucuz olduğu deyilirdi. Lakin qurumların yalanı faş olmaqdadır.

Ona görə də alıcılar artıq yarmarkalara o dərəcədə maraq göstərmirlər. Ötən il daha çox müştəri görmək olardı. Bu dəfə isə insanlar bayramqabağı bazarlığı elə marketlərdən etməyə üstünlük verirlər.

Çünki qoz-fındıq, şabalıd, püstə, quru meyvələrin qiyməti yarmarkalarda necədirsə, marketlərdə də təxminən eynidir.

Hətta bəzi məşhur marketlər kampaniyalar təşkil edərək istisna məhsulları ucuz satırlar. Məsələn, yarmarkada qabıqlı qozun kilosu 5 manat idisə, hipermarketdə 4 manat olduğunu gördük.

Yarmarkada fındıq 7, – 7, 50 manatdırsa, marketlərdə də 7-8 manatdır. Qoz ləpəsinin qiyməti də fərqli deyil: həm yarmarkalarda, həm marketlərdə 11-12 manatdan almaq olur.

Həmçinin, ərik, kişmiş, albuxara və s. məhsulların qiymətləri yarmarkalarla marketlərdə eynidir. Ərik 4-5 manat, kişmiş 6-12 manat civarındadır.

Bütün bunlar yanlış, uğursuz fəaliyyətin nəticələridir. Yəni, İnam Kərimovla Mikayıl Cabbarov sələflərindən fərqlənmir. Ölkədəki bahalığın qarşısının alınması üçün nə KTN-nin məhsuldarlığı artırmaq barədə proqramları var, nə də İN-nin qiymət artımına qarşı real addımları…

Yerli məhsullar da qeyri-ixtiyarı olaraq xaricdən gətirilən mallarla rəqabətdə bahalaşır, vətəndaşların mövsümi meyvə almağa imkanı çatmır.

Bu, İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin heç bir aqrar, tarif proqramı olmadığını isbat etməkdədir. Sıfır hərəkətlənmə!

Hər iki nazirlik tərəfindən qiymətlərin tənzimlənməsi, məhsuldarlığın artırılması istiqamətində heç bir addım atılmayıb. İ.Kərimov innovativ aqrar siyasəti həyata keçirməklə real nəticələr təqdim etməliydi.

Antiinhisar Xidməti fəaliyyət göstərir, bazarlarda nəzarəti həyata keçirir, qiymətlərin tənzimlənməsi, inhisarçılığın qarşısının alınması funksiyaları bu qurumun üzərindədir.

Amma hələlik bu qurumun həyata keçirdiyi heç bir əməli tədbirlər nəzərə dəymir. Bazarlarda dəhşətli bahalaşma var və buna cavabdeh olan iki nazirlik susursa, ictimaiyyət, media sualı kimə verməlidir – hava proqnozları bürosuna?