Tarix: 14-03-2019 15:02                                                                                                 Oxundu:30
Virtual karabakh

İlham Əliyevin sürətli və çoxgedişli kombinasiyası - intuisiyası prezidenti yanıltmadı

Prezident İlham Əliyevin son aylar xüsusilə xalqın sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəlik fərman və sərəncamları ciddi təhlil edilməkdədir. İlham Əliyevin addımlarını hər nə qədər bəzi müxalifət liderləri “öz adlarına” çıxarmağa çalışsa da, analitik təhlillər onu göstərir ki, prezidentin xüsusilə də sosial sahəyə yönəlik verdiyi qərarlar hansısa situasiyaya uyğunlaşdırılmış deyil, əvvəlcədən hazırlanmış, verilən sərəncamların maddi bazası təhlil edilmiş, hətta sıralanmış qərarlardır. Əlbəttə ki, rəğbətlə qarşılanan sosial addımların üzərində prezidentin iqtisadi komandası işləyib, hazırlayıb və imzalanmaq üçün təqdim edib. Amma elə həmin iqtisadi komanda üzvlərinin açıqlamalarından da aydın olur ki, bu qərarlarda da əsas ağırlıq məhz prezidentin iradəsinə, onun son sözünə, müdaxilələrinə bağlı olub.

Obyektiv təhlillər onu göstərir ki, dövlət başçısı həm xaricdən təşkilatlanmış anti-Azərbaycan qüvvələri, həm müəyyən süni yaradılmış “siyasi” problemlərdən canlanmaq istəyən şablon müxalifəti bir neçə zamanını gözləyən qərarlarla tam geri oturda bilib, həm də bu işi özü, necə deyərlər, təkbaşına edib. İlham Əliyev həm də onu göstərdi ki, xalqın nə istədiyini, nələrdən narazı olduğunu kimlərinsə mitinqlərdəki tələbləri ilə müəyyənləşdirmir. O, xalqın arasında özünü “Məhsul”dakı tribunadakı liderlərdən daha komfortlu və rahat hiss edir, onların problemlərini üzbəüz dinləməkdən məmnundur, ona etimad və inam daha çoxdur.

Dövlət başçısı “ölkədə situasiyanı dəyişə bilərik” kimi irəligedən bəyanatlar verənlərə həm də onu sübut etdi ki, situasiyanın da, proseslərə yönverən hərəkətliliyin də, hər hansı ekstremal vəziyyətin də “ağası” özüdür, onun hakimiyyətidir! Bu, sadəcə, özünəinam deyil, həm də xalqa güvənməkdən qaynaqlanan göstəricidir.

“Dövlət başçısı ”ölkədə situasiyanı dəyişə bilərik" kimi irəligedən bəyanatlar verənlərə həm də onu sübut etdi ki, situasiyanın da, proseslərə yönverən hərəkətliliyin də, hər hansı ekstremal vəziyyətin də “ağası” özüdür, onun hakimiyyətidir!"

İcra başçılarının “başları üzərindən” məktubları alan, ona uzanan yüzlərlə əli hətta mühafizə xidmətinin iradəsinə zidd olaraq sıxan prezident obrazı nə Azərbaycan, nə İlham Əliyev üçün yenilik deyil. Amma xalqın məhz indi bu təmaslara daha çox ehtiyacı olduğu görmək yenilik idi və bunu komandasından da, yerli məmurlardan daha yaxşı İlham Əliyev duymuşdu.

Prezidentin 15 illik hakimiyyət dönəmində baş vermiş onlarla hadisə dövlət başçısının heç bir zaman intuitiv qərarlar vermədiyini göstərib. Amma prezidentin son olaraq situasiyaya birbaşa müdaxiləsində, atılan addımlarda xəfif bir intuisiya da hiss edilməkdədir. Dövlət başçısının da sanki xalqla bu isti təmaslara ehtiyacı yaranmışdı, hansısa rayon ziyalısının əzbərlədiyi xoş sözlərə deyil, geniş xalqın dəstəyini görmək istəyirdi... İntuisiyası prezidenti yanılmatdı!

Dünyada neftin qiyməti ilə bağlı böhran dərinləşdikdən dərhal sonra da eyni və bir az da sirli intuisiya prezidentin Azərbaycan iqtisadiyyatında dönüş etməsinə də diqqət çəkdi. Neft pulları təbii ki, tezliklə tükənməyəcəkdi, amma buna arxayın olmaq olmazdı. İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı qətiyyətli qərarları Azərbaycanı ciddi iqtisadi və siyasi təlatümlərdən yan keçirdi.

“İlham Əliyev Azərbaycan iqtisadiyyatının dərin ”koma"ya girməsinə imkan vermədi, onu müvəqqəti “reanimasiya”(iki devalvasiya) etməklə tədricən böhrandan çıxardı"

İndi kənar dövlətlərin diktə etdiyi neftlə zəngin Venesuela nümunəsini yada salmaq kifayət edir. İlham Əliyev Azərbaycan iqtisadiyyatını dərin “koma”ya girməyə imkan vermədi, onu müvəqqəti “reanimasiya”(iki devalvasiya) etməklə, tədricən böhrandan çıxardı. İlham Əliyev bu islahatlarda geciksəydi, Azərbaycan kənar qüvvələrin müdaxiləsinə açıq olacaqdı. İndi o dövr arxada qalıb və bunun bəhrəsini hər bir vətəndaş öz güzaranında hiss etməkdədir.

Bunu görməmək və qiymətləndirməmək təkcə dövlət bacısına deyil, Azərbaycanın özünə qarşı ədalətsiz mövqedir...
“Yeni Müsavat”

Digər Dünya xəbərləri