Tarix: 10-01-2019 12:30                                                                                                 Oxundu:25
Virtual karabakh

Qarabağ: Paşinyan güzəştə hazırlaşır? - “İnqilab lideri”nin riskli addımları nədən ibarət olacaq?

Ermənistanın Azərbaycana təcavüzü ilə başlanmış Dağlıq Qarabağ münaqişəsi 30 ildən çoxdur ki, davam edir. Ermənistan hakimiyyətinin danışıqlar prosesinə sadiq qalmaması, beynəlxalq hüquq normalarına əməl etməməsi münaqişənin həllini çətinləşdirir. Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın da məsələyə münasibəti sələflərindən fərqli deyil. Paşinyanın səsləndirdiyi sərsəm bəyanatlar bunu deməyə əsas verir. Problemin həllində vasitəçilik funksiyasinı yerinə yetirməli olan ATƏT-in Minsk Qrupunun da fəaliyyəti qənaətbəxş deyil.

Bugünlərdə yeri mediaya açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza diqqətçəkən açıqlama ilə çıxış edib. Sabiq diplomat deyib ki, Paşinyan Qarabağ münaqişəsinin tənzimlənməsində risklərə gedə bilər. "Mən Paşinyanın Qarabağ probleminin həllində bir sıra riskli addımlar ata biləcəyini istisna etmirəm. Mən onunla şəxsən tanış deyiləm və deyə bilmərəm ki, o, konkret hansı addımlara gedə bilər. Bu, daha çox Nikol Paşinyan və Prezident İlham Əliyevin şəxsi münasibətlərinin necə olacağından və bir-birilərinə nə qədər güvənəcəklərindən asılıdır. Ona görə hələlik nəyisə konkretləşdirmək çətindir. Amma bir şeyi dəqiq bilirəm: əgər prezidentlər Koçaryan və Sarkisyanın Qarabağ liderləri qarşısında öhdəlikləri var idisə, Paşinyanın belə öhdəliyi yoxdur və bu baxımdan o daha sərbəstdir", - deyə Brayza vurğulayıb.

Maraqlıdır, keçmiş həmsədr Brayza “Paşinyan risklərə gedə bilər” deyəndə nəyi nəzərdə tutur? Paşinyan hansı risklərə gedə bilər?

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində Paşinyanın Qarabağla bağlı güzəştə gedəcəyinə inanmadığını deyib: “Hələlik bunu yalnız nəzəri olaraq qəbul etmək mümkündür. Çünki yeni hökumət başçısı Paşinyanın bu gün Ermənistan cəmiyyətində və geosiyasi baxımdan vəziyyəti o qədər də ürəkaçan deyil. İnqilab nəticəsində hakimiyyətə gələn Paşinyan ölkədə iqtisadi-siyasi, hərbi və digər sahələrdə islahatlar aparmalıdır. Bu istiqamətdə Paşinyanın qarşısına çox böyük əngəllər çıxır. İlk növbədə bu islahatları aparmaq üçün Ermənistanda böyük maliyyə dəstəyinə ehtiyac var. Bu maliyyə dəstəyi Rusiya tərəfindən deyil, Qərb dünyasından veriləcəyi ehtimal edilir. Ancaq hələlik Qərb də bu məsələdə o qədər də tələsmir. Görünmür ki, bu cür maliyyə yardımın olması üçün Paşinyandan müəyyən tələblər olacaq. Bu tələblər təbii ki, Kremldən uzaqlaşmaq, Rusiyanın orbitindən çıxmaq və Qərbə inteqrasiya istiqamətində siyasət qurmaqdan ibarətdir. Məhz bu kontekstdə Ermənistanın inkişafına böyük əngəl yaradan Qarabağ probleminin həlli istiqamətində addımların atılacağını da düşünmək mümkündür. Düşünürəm ki, Metyu Brayza da bu məsələləri nəzərə alaraq açıqlama verib. Ancaq praktik olaraq Qarabağ probleminin həlli istiqamətində Ermənistanın riskli addımlar atması o qədər də inandırıcı görünmür.

Çünki Ermənistan dövlətində, cəmiyyətində Sarkisyan hakimiyyətindən sonra çox böyük problemlər yığılıb qalıb. Bu gün erməni xalqının Paşinyandan müəyyən gözləntiləri var. Bu gözləntilər həll olunmadan Paşinyan Qarabağla bağlı güzəştlərə getməz. Çünki bu güzəştlər həm Qarabağ klanını, həm separatçı rejimi qəzəbləndirə, həm də Ermənistan daxilində onun mövqeyi zəiflədə bilər. Bu cür riskli addımlar atmaq erməni cəmiyyətində çətindir, təhlükəlidir. Yetərincə sıxıntıları olan Paşinyan hökumətinin Qarabağla bağlı güzəştə gedərək özünə əlavə problem yaradacağı ağlabatan deyil. Sadəcə olaraq düşünürəm ki, Paşinyan özünü sülh tərəfdarı kimi göstərərək zaman qazanmaq istəyəcək. Bundan da hansısa siyasi nəticələrin çıxacağını yaxın bir il ərzində gözləmirəm”.

Digər Dünya xəbərləri