Tarix: 25-04-2019 09:42                                                                                                 Oxundu:126
Virtual karabakh

Palçıq daxmada yaşamağa məhkum edilən Qarabağ qazisi… – Foto, video

Nəsib Qarayev: “Ailəm pərəm-pərəm düşüb, qohumlara sığınmışıq”

Salyan rayonu, Yolüstü kənd sakini, 2-ci qrup Qarabağ qazisi Qarayev Nəsib Mustafa oğlu “Yeni Müsavat”a müraciət edib. Torpaqlarımız uğrunda canını fəda edən qazi dövlətdən ev ala bilmir. O, 7 ailə üzvü ilə birlikdə yazıda görəcəyiniz birotaqlı daxmada yaşayır. İndiyə qədər aidiyyatı orqanlara etdiyi müraciətlər nəticəsiz qalıb.

N.Qarayev hər kəsdən kömək istəyir: “Ailəliyəm. 5 övladım var. Artıq 26 ildir ki, ev növbəmin çatmasını gözləyirəm. Nəhayət ki, bu il fevralin 15-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qəbulunda oldum. Cənab nazir çox tez bir zamanda mənzillə təmin olunacağımı bildirdi. Ardınca nazirliyin əməkdaşları yaşadığım ünvana baxış keçirdilər və yaxın günlərdə evin inşasına başlanılacağını bildirdilər. Hətta yaşadığım daxmanın inşaat işlərinə mane olduğunu bildirərək, yeganə yaşayış yerim olan balaca daxmamın yarısından çoxunu mənə sökdürdülər. Hazırda ailəm pərəm-pərəm düşüb, qohumlara sığınmışıq. 2016-cı ildə sizin qəzetə eyni mövzu ilə bağlı müraciət etdim və “Yeni Müsavat” problemimi işıqlandırdı. Ondan dərhal sonra Salyan rayon icra başçısı məni qəbul etdi. Mənzillə bağlı təminat onun səlahiyyətində olmadığı üçün bu problemimi həll edə bilməsə də, üç tələbə övladımın təhsil xərclərinə kömək məqsədilə aylıq təqaüd təsis etdi”.

Qarabağ qazisi yaşamağa gücünün qalmadığını deyir: “Niyə mən bu vəziyyətdə yaşamalıyam? Mən yarı-adamam. Ayağım tam fiziki güc sərf etməyimə imkan vermir. Yay aylarında məni çox incitməsə də, qışda tez-tez halım pisləşir. Ayağımdakı çirk qanıma qarışır, işləyə bilmirəm. 26 ildir ki, mən bu evdə yay aylarında istidən bişirəm, qışda da donuram. Müraciət etmədiyim aidiyyatı qurum qalmayıb. Evdə 200-dən çox məktub var. Sözüm odur ki, mənə verilən sözü tutsunlar. Ümumiyyətlə, artıq cavab verən yoxdur. Telefonumu belə açmırlar. Dövlət Sosial Müdafiə Fondunun tikinti üzrə sektorunun şöbə müdiri Vüqar müəllimə bu iş birbaşa tapşırılıb. Onun dəfələrlə qəbulunda olmuşam. Telefon nömrəsi vermişdi. İndi də o nömrəyə edilən zəngi açmır. Bəzən də deyir ki, bilmirəm nə vaxt ev veriləcək. Deyirəm ki, axı mənə evi sökdürübsüz. Əgər belə idisə, heç olmasa sökdürməzdiniz. Evin sökülməyi mənə əlavə problem yaratdı. Bir azdan istilər düşəndə daxmamıza ilan girə bilər. O evə girmək artıq qeyri-mümkündür. Nə edəcəyimizi artıq bilmirik. Yağış yağanda daxmaya su damır”.

Yazıda adı keçən şəxsin və aidiyyatı orqanların mövqeyini dərc etməyə hazırıq.

Xatırladaq ki, Qarabağ qazisinin yaşadığı daxmadan üç il öncə “Yeni Müsavat” video reportaj etmişdi. Yazıda həmin çəkilişi də təqdim edirik.

Palçıq daxmada yaşamağa məhkum edilən Qarabağ qazisi… – Foto, video
Palçıq daxmada yaşamağa məhkum edilən Qarabağ qazisi… – Foto, video
Palçıq daxmada yaşamağa məhkum edilən Qarabağ qazisi… – Foto, video
Palçıq daxmada yaşamağa məhkum edilən Qarabağ qazisi… – Foto, video
Palçıq daxmada yaşamağa məhkum edilən Qarabağ qazisi… – Foto, video