Tarix: 24-12-2018 11:02                                                                                                 Oxundu:345
Virtual karabakh

Göygöldə cinayət hadisəsini "ört-basdır etdirən" sexin sahibi niyə həbs olunmur?

Son vaxtlar ətraf mühitlə bağlı problemlər daha çox müzakirə mövzularından birinə çevrilir. Buna da bir çox amillər səbəb olmaqdadır. Çünki, zaman-zaman əraf mühitlə bağlı problemlərin həlli və aradan qaldırılması hər kəsi düşündürən məsələlərdən biri olub. Odur ki, yaşıllıqların qorunması, meşə zolaqlarının mühafizəsi, müəyyən ərazilərdə tüğyan edən erroziyanın qarşısının alınması və s. daim öz aktuallığı ilə diqqəti cəlb edib. Belə bir səbəblər üzündən də, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev bu yöndə əmələ gələn problemlərin varlığına xüsusi diqqət yetirdi və onların həlli ilə bağlı aidiyyətı qurumlara müvafiq tapşırıqlarını da verdi.

Hətta, cənab prezident İlham Əliyev meşə zolaqlarında və digər ərazilərdəki ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu və belə bir hallara qol qoyanlara qarşı ciddi mübarizə tədbirlərinin görülməsini, həmin şəxslərin birbaşa məsuliyyətə cəlb edilməli olduqlarını Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı yekun nitqində də vurğulayaraq bildirmişdi ki, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların qanunsuz kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

Bu cür tapşırıqlar ölkə rəhbərinin ortaya qoymuş olduğu mövqe olmasına baxmayaraq, bu gün də yaşıllıqların məhv edilməsi, meşə zolaqlarının qanunsuz yollarla kəsilməsi hallarına yol verilməkdədir. Məsələn, bu günlərdə Sizinxeber.com-un redaksiyasına hər kəsi şoka sala biləcək məlumatlar daxil olub. Yəni, daxil olan məlumatlarda bildirilir ki, Göygöl rayonunun Quşqara kəndində Alı adlı şəxsə məxsus taxta sexi fəaliyyət göstərir və həmin sexdə meşə zolaqlarından qanunsuz yollarla gətirilmiş fıstıq, vələs və digər növ ağaclardan istifadə olunur. Əldə etdiyimiz məlumatlara görə, həmin şəxsin sex işlətməsinə əsas verən heç bir sənəd yoxdur. Bu sexə ayrı-ayrı meşə zolaqlarından qanunsuz yollarla kəsilən ağacların daşınmasının özü cinayət əməlidir. Çünki, bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev və ətraf mühitlə bağlı problemlərə cavabdehlik daşıyan qurum rəhbərləri hər kəsi vicdanlı olmağa, meşə zolaqlarını qanunsuz yollarla məhv etməməyə çağırır, amma yerli vəzifə sahiblərindən bəziləri isə, belə bir əməllərə qol qoyanlara şərait yaradırlar. Bu da o deməkdir ki, həmin şəxslər verilmiş tapşırıq və tövsiyyələri saya salmırlar. Çatdırılan məlumatlara görə, Alı adlı şəxsə məxsus taxta sexinə daşınan ağaclardan daha çox yeşiklər düzəldilir, müxtəlif ölçülü taxta materialları və s. hazırlanır. Belə bir yolla da, Göygölün və ətraf rayonların meşə təsərrüfatına elə bir zərbələr vurulur ki, ümumi mənzərəni görən hər kəs, sanki “qan ağlayır”. O halda sual oluna bilər ki, görəsən Göygöl MMBM-nin direktoru və ərazi üzrə cavabdehlik daşıyan ekologiya idarəsinin rəhbərliyi, belə bir “qətliam”lara niyə göz yumurlar? Göz yumurlarsa, deməli onları hansısa maraqları düşündürür.

Sizinxeber.com-un redaksiyasına baş verən olaylar haqda məlumatları çatdıran şəxslərdən biri də, Göyçay rayon sakini Əliyev Orxan Hüseyn oğludur. Məsələn, bu şəxs bildirir ki, “Mən ailəmin dolanışığını təmin etmək məqsədilə Alı adlı şəxsə məxsus taxta sexində işə girmişdim və həmin vaxt heç bir əmək müqaviləsini imzalamadıq, hansısa sənədləşmə işiləri də həyata keçirilmədi. Bir müddət həmin sexdə usta işlədim və ayda orta hesabla 1200-1500 manat məbləğində pul da qazana bilirdim. Sexdə lazımi texniki təhlükəsizlik qaydalarına riayət etmək şəraiti olmadığından, 28 sentyabr 2017-ci il tarixdə sol əl barmaqların “stanok”da qaldı. Hadisə zamanı bir barmağım kəsildi, üçü isə şikəst oldu. Baş verən hadisə səbəbindən bir həftə Göygöl MRX-da qalmalı oldum və olayla bağlı hüquq-mühafizə orqanı əməkdaşları xəbərdar olsalar da, nədənsə sexin sahibinə qarşı heç bir tədbir görülmədi. Daha xoşagəlməz hal o oldu ki, bu şəxs polis əməkdaşları ilə danışıb problemi elə bir formada qaydaya saldı ki, heç bir söz-söhbəti çıxmadı. Xəstəxanada qaldığım vaxtlarda o mənə “Sən barmaqlarının “laqonda”ya düşməsi ilə bağlı izahat yaz, mən səni pensiyaya çıxaracağam, hər probleminə də köməklik göstərəcəyəm” dedi. Mən onun “yağlı danışıq”larına inandım və dediyi qaydada izahatımı yazıb verdim. Elə ki, həmin vaxtdan bir xeyli müddət keçdi, sanki o, özünü heç məni tanımırmış kimi apardı və verdiyi vədlərin hər birindən də “vaz keçdi”. Hal-hazırda himayəmdə iki azyaşlı övladım var və sol əlim şikəst olduğundan, bu gün heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmirəm. Elə ki, problemlərimin həllinə köməklik məqsədilə Alı adlı şəxsə müraciət edirəm, o halda o, “Mən sənə heç bir köməklik etməyəcəyəm, get kimə də istəyirsən şikayətini ver. Bir kimsəni saya salmıram, özümün də arxa-dayağım güclüdür, odur ki, kim mənə nə edə bilər? deyir.

Bu gün olub-keçənlərə diqqət yetirək. Bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev və bu sahəyə cavabdehlik daşıyan vəzifə sahibləri yaşıllıqların qorunması, problemlərin aradan qaldırılması istiqamətində lazımi tapşırıqlarını verir, digər tərəfdən yerli vəzifə sahibləri, o cümlədən Quşqara kəndindəki taxta sexinin sahibi Alı adlı şəxs də verilmiş tapşırıqlara məhəl qoymurlar. Faciəli hal odur ki, ərazyə yaxın yerdə yaşayan sakinlər baş verən qanunsuzluqlara qarşı haqlı narazılıqlarını ifadə etsələr də, bir kimsə onların haqlı narazılıqlarını saya salmırlar.

Xüsusi vurğulanası hal odur ki, xalqımızın ulu öndəri, məhrum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən "Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir" demişdir. Belə bir kəlamın işlədilməsi onu söyləməyə əsas verir ki, Ulu Öndəri həmişə ətraf mühitlə bağlı problemlərə xüsusi diqqət göstərmiş və bəlli münasibətini də ortaya qoymuşdu. Ümumiyyətlə, məhrum prezidentimiz hakimiyyətdə olduğu illər ərzində meşə zolaqlarının qorunmasına, yaşadılmasına hər zaman xüsusi diqqət və qayğı göstərmiş və bu sahəyə aid problemlərin həlli istiqamətində aidiyyəti qurumlara lazımi tapşırıqlarını da vermişdi. 2010-cu ilin möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən "Ekologiya ili" elan olunması isə, bir daha ətraf mühitə bəslənilən diqqət və qayğının varlığını göstərdi.

Hər kəsə bəllidir ki, b bu gün ölkə rəhbəri lazımi tapşırıqlarını verir, yerli vəzifə sahibləri, ayrı-ayrı iş adamları isə verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, düşünüb-daşındıqları addımlarını atırlar. Deməli, bu məmləkətdə hər kəsin Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə bilsin. Diqqəti o məqama da yönəldək ki, ölkə rəhbəri ilə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva və ailə üzvləri, müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçiriblər. Atılan addımlar zamanı onminlərlə ağaclar əkilib, yeni-yeni yaşıllıqlar salınıb, bir sözlə ekologiyamızın qorunması və ətraf mühitdə əmələ gələn problemlərin aradan qaldırılması istiqamətində lazımi addımlar atılıb. Bu belə olduğu halda ekologiyamızın varlığına “qənim kəsilənlər”, görəsən atılan addımlardan niyə ibrət dərsi götürmürlər.

Baş verənləri təhlil etməklə belə bir qənaətə gəlmək olar ki, bu gün Göygöl rayonunun Quşqara kəndində Alı adlı şəxsə məxsus taxta sexinin qanunsuz fəaliyyəti ilə bağlı lazımi addımlar atılmalıdır. Çünki, həmin sexdə həm ekologiyamıza olmazın zərbələr vurulur, əmək intizamının tələbləri pozulur, həm də hər kəsin həyatı üçün təhlükəli anlar yaşanır. Düşünürük ki, məqalənin dərcindən sonra cənab Muxtar Babayev bu taxta sexinin fəaliyyətinin araşdırılması, hətta lazımi tədbirlərin görülməsi yöndə müvafiq tapşırıqlarını da verəcək.

Problemin varlığını diqqətdə saxlayacağıq.

Digər Dünya xəbərləri