Tarix: 24-12-2018 11:00                                                                                                 Oxundu:358
Virtual karabakh

Sayt rəhbərləri “Falçı Əli”nin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Baş Prokurora müraciət etdilər

Sizinxeber.com-un əldə etdiyi bəzi məlumatlara görə, Tovuz rayonunun Əlimərdanlı kəndində falçılıqla məşğul olan və ötən illər ərzində neçə-neçə insanları olmazın dərdə salan, bənzəri olmayan müsibətlərə düçar edən Əli adlı şəxsin qol qoyduğu biabırçı əməllərə qarşı, yerli sakinlərin hədsiz dərəcədə narazılığı baş qaldırıb. Bu haqda redaksiyamıza sakinlər tərəfindən silsilə məlumatlar çatdırılıb. Bəzi sakinlərin iddialarına görə, adı çəkilən bu şəxs istər Tovuz rayonu ərazisindən, istərsə də ətraf şəhər və rayonlardan hüzuruna gələnləri “tora salmaq” üçün, hər cür “cildə girməyi” bacarır. Əlimərdanlı kənd sakinlərindən bəzilərinin bildirdiklərinə görə “falçı Əli” adı ilə tanınan bu şəxs, hüzuruna gələn hər kəsin bəxtinə müqəddəs “Quran kitabı”nı açmaqla baxır. Amma əldə etdiyimiz məlumatlara görə, bu şəxs heç müqəddəs “Quran kitabı”nı düz-əməlli oxumağı bacarmır. Belə bir halın varlığı da, məhz “falçı Əli”nin fırıldaqçı və yalançı olduğunu aşkara çıxarır. Bundan əlavə, “falçı Əli” gənc, ailə həyatı qurmaq istəyən xanımların bəxtinə baxarkən, onlara yalançı vədlər verir. Məsələn, adının çəkilməsini istəməyən rayon sakini bildirir ki, “Bu şəxs gənc qızlara bəxtlərini açacağına, onların tezliklə ailə həyatı quracaqlarına dair vədlər verir” ki, bu da adı çəkilən şəxsin daha çox qazanc əldə etməsi məqsədilə atdığı addımlarından biri olur.

Onu da bildirək ki, “falçı Əli” dolanışığının “komfort təminat”ını zamanın tələbinə uyğun ödəmək üçün, bu gün də falçılıq fəaliyyəti ilə məşğul olmaqdadır. Görünür o, belə bir addımını atmaqla, bir növ uzaqgörən şəxs olduğunu ortaya qoymuş olur. Çünki, o, görüb dərk edir ki, bu gün hansı yolla olursa-olsun pul qazanmağın, var-dövlət əldə etməyin zamanıdır. Ona görə bu şəxs də, belə bir fırıldaqçı əməllərlə məşğul olmağa qərar verir. Sizinxeber.com saytının redaksiyasına çatdırılan başqa bir məlumatda o da vurğulanır ki, bölgədə “falçı Əli” adı ilə məşhur olan bu şəxsin belə bir işlə məşğul olmasına əsas verən heç bir hüququ sənəd yoxdur. Buna baxmayaraq o, bu gün də falçılıqla məşğul olmaqdadır.

Yerli sakinlərin iddialarına görə bu şəxs falçılıqla deyil, açıq-aşkar şəkildə fırıldaqçılıqla məşğul olur və o, atdığı addımlarına görə hər kəsdən lazımınca “haqq-hesab” da alır. Diqqəti cəlb edən hal odur ki, Tovuz rayonunun Əlimərdanlı kəndində “falçı Əli”nin gözəgəlimli mənzili var və o, müştərilərini həmin mənzilində həm qəbul edir, həm də onları mənzilində də “tora salmağı” bacarır. Məsələn, Sizinxeber.com-un əldə etdiyi müəyyən məlumatlara görə o, hüzuruna gələn müştərilərinə “zamok” və digər əşyaları aldırır, az sonra isə o, onların hamısını mağazalarda satdırır. Bəzi sakinlərin bildirdiklərinə görə, bu şəxs daha çox kimlərinsə evini dağıtmağa, ailələri bir-biri ilə üz-üzə qoymağa, bir sözlə, hansısa şəxsdən aldığı “haqq-hesab”a görə, onların vermiş olduğu sifarişləri yerinə yetirməklə məşğul olur. Çünki, bu şəxsin başlıca amalı, əsas istəyi hansı yolla olursa-olsun pul qazanmaqdır. Elə ki, hansısa KİV nümayəndəsi adı çəkilən bu şəxsin atdığı addımlarla maraqlanmaq istəyir, o halda o, həmin şəxsə hədə-qorxu da gəlir.

Düşündürücü hal ondan ibarətdir ki, “falçı Əli”nin əməlləri ilə bağlı yerli hüquq-mühafizə orqanı əməkdaşları lazımınca məlumatlı olsalar da, nədənsə ona bir kimsə “qaşın üstə qara var” demir. Bu da böyük şübhələrin əmələ gəlməsinə səbəb olur. Baxmayaraq bu şəxsin qol qoyduğu əməllərdə cinayət tərkibli addımlar var və həmin addımlar da, yalnız hüquqi müstəvidə həllini tapmalıdır. Amma, adı çəkilən şəxsin əməlləri ilə bağlı lazımi tədbirlər görülmədiyindən, o, bu gün də fırıldaq əməllərini davam etdirir və yeni-yeni cinayət əməllərinə də qol qoyur. Bildiyimizə görə, Qanunvericilik adı çəkilən şəxsin və ya şəxslərin belə bir əməllərlə məşğul olmalarını qadağan edir. Acınacaqlı hal odur ki, Tovuz elinin saf ilqarlı övladlarının, həmçinin tam əksəriyyətin müqəddəs hesab etdiyi “Quran kitabı”, bu gün belə bir möhtəkirin əlində alətə çevrilib ki, bu da xoşagəlməz amillərin əmələ gəlməsinə səbəb olmaqdadır. Sakinlərin iddialarına görə, “falçı Əli” müştərilərindən əldə etdiyi “haqq-hesab”ların müqabilində onlara gələcəklə bağlı “bildikləri”ni mərhələ-mərhələ çatdırır və belə bir addımlarının qarşılığında, məhz onlardan bacardığı qədər “haqq-hesab” əldə etməyi də bacarır.

Müzakirə olunası hallardan biri də odur ki, “falçı Əli” adı ilə tanınan bu şəxs bəzən müştərilərinə dualar yazır və həmin duaların olduqca təsirli olacağını da bildirir. Yerli sakinlərdən bəzilərinin iddialarına görə, hətta elə hallar olur ki, hansısa ailələrdə boşanmalar baş verir, kimlərinsə həyət-bacasından dualar tapılır, yaxud da kimlərinsə işləri düz gətirmir. O halda “falçı Əli” baş verənləri yazdığı duaların təsiri ilə bağlayır və özünün “ilahi güc”ə malik olmasını hər kəsə bildirməyə də çalışır. O, belə bir təbliğatını aparmaqla, bir növ özünün növbəti fırıldaq əməllərinə əsas qazandırır. Düşünürük ki, bu məqalənin dərcindən sonra “falçı Əli”nin qol qoyduğu əməllərlə bağlı Tovuz RPŞ-nin səlahiyyətli vəzifə sahibləri müəyyən addımlarını atıb, lazımi tədbirlərini də görəcəklər. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzunu diqqətdə saxlayacağıq.

Digər Dünya xəbərləri