Tarix: 26-01-2018 11:00                                                                                                 Oxundu:39
Virtual karabakh

Sahibkardan nazirə şikayət olundu - "Bizə pul atan şəxs özünə ferma tikib, avtomobil alıb"

Cəlilabad rayon Maşlıq kənd sakini Musayev Vüqar Soltan oğlu Moderator.az-a ünvanladığı şikayət məktubunda daxili işlər naziri cənab Ramil Usubova müraciət edib:

Hörmətli cənab nazir!

Mən Musayev Vüqar Soltan oğlu 1976-cı ildə Cəlilabad rayon Maşlıq kəndində anadan olmuşam. Ailəliyəm. Kəndimizdə təsərrüfatla məşğuluq. Kartof əkib-becəririk. Sizə bildirmək istəyirəm ki, ötən il “Meyvəli” bazarında kartof alveri ilə məşğul olan Tovuz rayon sakini Misirov İlqar Faiq oğlu kəndimizə gələrək mənə bildirdi ki, alverçidir və ona kartof lazımdır. Biz onunla anlaşdıq və şərtimiz belə oldu ki, mən ona hər dəfə “Meyvəli” bazarına kartof yola salacam.

Bu proses bir neçə ay davam etdi. Hər dəfə İlqar Misirov mənə zəng vuraraq kartof göndərməyimi istəyirdi. Mən də dediyi qədər kartofu böyük maşınla yola salırdım. O, da kartofu satıb mənim pulumu göndərirdi. Belə addımı ilə İlqarın səmimiyyətinə inanmışdım. Ağlıma da gəlmirdi ki, bir gün o məni aldadar.

İlqara axırıncı dəfə iyirmi min, ikinci dəfə isə altı min yeddi yüz dəyərində kartof yolladım. Dedi ki, kartofun pulunu bir-iki günə qaytaracam. Üstündən bir müddət keçəndən sonra anladım ki, İlqar məni aldadır. “Meyvəli” bazarına gedib İlqarla görüşdük. Yenə söz verdi ki, kartofun pulunu verəcək. Amma orda da məni aldadıb aradan çıxdı. Bazarda xəbər tutdum ki, İlqarın təkcə mənə yox, Masallı sakinləri Səmitxan Nuriyevə yeddi min, Azad Cabbarova isə üç min kartof borcu var. İlqar məni borcu olmasını notariusda da təsdiq etdirib söz verdi ki, altı aya pulumu qaytaracaq.

Hörmətli cənab nazir!

Mən İlqarın bu dəfə də pulumu vermədiyini görüb Qaradağ RPİ-nə şikayət etdim. İşin istintaqını polis kapitanı Tural Alıyev aparırdı. Bu qədər vaxtı nə məni, nə də İlqar Misirovu bölməyə çağırıb mənim şikayətimi araşdırmadılar. Mənə bildirdilər ki, İlqar Misirovu tapa bilmirik. Mənim pulumu mənimsəyən İlqar Misirov hal-hazırda yaşadığı Tovuz rayon Aşağı Ayıblı kəndində özünə ferma tikib, avtomobil alıb. Amma mənim pulumun qaytarılması üçün heç bir addım atmır. Mənə Qaradağ RPİ-dən işin istintaqına heç bir əsası olmadan xitam verilməsi haqda məktub göndərilib.

Hörmətli cənab nazir!

Sizdən xahişim odur ki, işin istintaqının ədalətli aparılması üçün və həmçinin cinayətkarın məsuliyyətə cəlb edilərək pulumun qaytarılması üçün Qaradağ RPİ-nə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm. \\moderator.az\\