Tarix: 08-06-2018 19:05                                                                                                 Oxundu:242
Virtual karabakh

Əli Kərimli halqası daralır: parlament qəzeti də həbs anonsunu verdi – Pərdəarxası...



Hökumət mediası AXCP sədri Əli Kərimlinin maliyyə maxinasiyaları haqda ittihamları tirajlayırlar; İqtidar mətbuatı müxalif liderin həbsi üçün zərurət yarandığını yazır...

Bu haqda FİA.Az-ın məlumatında bildirilir ki, parlamentin rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzeti məqalə ilə çıxış edib.

Qəzet yazır ki, müxtəlif mənbələrdən AXCP-yə və Milli Şuraya ayrılan vəsaitləri mənimsəyən Ə.Kərimlinin qeyri-qanuni əməlləri onun istintaqa cəlb olunmasını zəruri edir.

“Azərbaycan dövlətinin milli maraqlarına zidd mövqe nümayiş etdirən, antimilli xarakteri ilə fərqlənən radikal müxalifət düşərgəsinin fəaliyyətinin əsasında anti-Azərbaycan dairələrdən alınan direktivlərin gerçəkləşdirilməsi cəhdləri dayanır.

Təbii ki, dağıdıcı ünsürlər bu xidmətləri müqabilində külli miqdarda maliyyə vəsaiti ilə mükafatlandırılırlar.

Son olaraq ortaya çıxan faktlar isə göstərir ki, anti-Azərbaycan dairələrin “sadiq xidmətçisi” olan Əli Kərimli AXCP-dən və qondarma “Milli şura”dan istifadə edərək kifayət qədər maddi gəlir əldə edib, bu təşkilatlara müxtəlif mənbələrdən ayrılan külli miqdarda vəsaiti mənimsəyib”.

Bu xəbərlərin genişlənməsi göstərir ki, Azərbaycanda siyasi həbslərdən daha biri reallaşa bilər. Ə.Kərimlinin həbsini isə iqtidardakı qanadlardan bir tərəf dəstəkləyirsə, digər cinah əleyhinədir.

Çünki onun həbsi reytinqinin böyüməsinə, dissident obrazının yaranmasına xidmət edə bilər. O baxımdan hakimiyyətdə ikitirəlik yaranıb.

FİA.Az xəbər verir ki, “Yeni Azərbaycan” qəzeti AXCP-nin fəaliyyətinin anti-dövlətçilik adlandırıb. Qəzet yazır ki, dindirilmiş şəxslər əməllərini etiraf ediblər.

“Dövlətimizə zidd olaraq keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməsinə dair kifayət qədər sübutlar toplanıb. İş üzrə dindirilmiş şəxslər qanunsuz əməllərini etiraf ediblər.

Ümumiyyətlə, qoca kinorejissor Rüstəm İbrahimbəyovun və baş nazirin keçmiş müavini Abbas Abbasovun vasitəsi ilə tərtib olunan “Milli şura” layihəsinin Moskvada əsasının qoyulmasından sonra məhz Əli Kərimli anti-Azərbaycan xarakterli fəaliyyətini davam etdirməklə yanaşı, çoxsaylı maliyyə maxinasiyalarına yol verib.

Yeri gəlmişkən, AXCP-nin Rusiyada məskunlaşmış fəal üzvü Saleh Məhərrəm oğlu Rüstəmovun heroinlə həbs olunmasından sonra meydana çıxan faktlar bir sıra məqamları aşkar etdi.

2012-ci ildə Qənimət Zahidin təklifi ilə Moskvaya gedərək Rusiyada məskunlaşan S.Rüstəmov 4 il sonra - məhz 2016-cı ildə Moskvada öz ticarət qurumunda, tabeliyində işləyən Jenya Adolfovanın adına “Sberbank”da hesab açıb, mütəmadi olaraq, yəni hər ay 30.000 ABŞ dolları məbləğində maliyyə vəsaitini Bakıda yaşayan qardaşı oğlu Vidadi Rüstəmliyə çatdırıb.

Bu, müəyyən şəxslər vasitəsilə həyata keçirilib. “Maliyyə əməliyyatı” çərçivəsində bu şəxslər arasında əlaqə - ünsiyyət məhz “WhatsApp” vasitəsilə həyata keçirilib.

Maddi vəsaitlər Moskva şəhərində qeyri-rəsmi pul köçürmələri ilə məşğul olan Vüqar adlı şəxs vasitəsilə göndərilib.

Bakıda isə Vidadi Rüstəmli həmin maddi vəsaiti alaraq AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Gənclər Komitəsinin Ali Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovun vasitəsilə rəhbərliyə ötürüb.

AXCP sədri Əli Kərimli isə pulu aldıqdan sonra ona “WhatsApp” qrupunda təşəkkürünü ifadə edib.

Əli Kərimli bu vəsaitdən hər ay hazırda Fransada yaşayan Q.Zahidin rəhbərlik etdiyi televiziya kanalının saxlanılması üçün 2000-2500 ABŞ dolları məbləğində pul göndərib.

Nəticə etibarilə, 2016-cı ilin martından 2018-ci ilin martına kimi Rusiyadan AXCP üçün 411.952 ABŞ dolları məbləğində pul göndərilib.

Göründüyü kimi, Əli Kərimlinin Rusiyadakı anti-azərbaycançı dairələr tərəfindən maliyyələşdirilməsi ilə bağlı faktlar aşkardır. Bu faktlar birmənalı şəkildə AXCP sədrinin istintaqa cəlb edilməsini şərtləndirir”-sitatın sonu.

Fia.Az